Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun komandası MLS-də cari çempion “Los-Anceles”ə qalib gəlib – 3:1.
“Vağlar”ın qələbəsinə “Barselona”nın sabiq ulduzları töhfə veriblər. 14-cü dəqiqədə yarımmüdafiəçi Fakundo Farias müdafiəçi Tomas Avilesin ötürməsindən sonra ilk topu cari çempionun qapısına göndərib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissənin əvvəlində Messi məhsuldar ötürmə ilə Jordi Albaya imkan yaradıb və Alba 51-ci dəqiqədə qonaqların üstünlüyünü artırıb. 83-cü dəqiqədə isə Messi Leonardo Kampanaya yardımçı olub, ekvadorlu hücumçu hesabı biabırçı həddə çatdırıb – 3:0. “Los-Anceles” 90-cı dəqiqədə qollardan birinin əvəzini çıxıb, yarımmüdafiəçi Rayan Hollinqshed fərqlənib – 1:3
Hazırda “İnter Mayami” müntəzəm çempionatda 25 oyundan sonra 25 xal toplayaraq Şərq Konfransında sonuncudan əvvəlki, 14-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi 7 qələbə, 4 heçə-heçə, 14 məğlubiyyət yaşayıblar, topların fərqi isə 27:37-dir. Cari çempion “Los Anceles” isə 26 oyundan 40 xal toplayıb və Qərb Konfransında 3-cü pillədədir.
Beləliklə, çempionatın sonuna 8 tur qalmış “İnter Mayami” pley-off zonasından 8 xal geridədir və komandanın belə inamlı və məhsuldar oyunu ilə müvafiq fərqi aradan qaldırmaq mümkün görünür.
Xatırladaq ki, Messinin gəlişi ilə “İnter Mayami” bir oyunda belə, məğlub olmayıb, komanda tədricən yüksək idman forması yığır. Messi ardıcıl ikinci oyunda qol vura bilməsə də, iki qol ötürməsi verib və yüksək məhsuldarlığı göz qabağındadır: 11 oyun, 11 qol, 5 məhsuldar ötürmə.
Messi: “İlk 8-liyə düşməliyik”
Qələbədən sonra kapitan Lionel Messi komandasının strateji planını açıqlayıb:
“Bu, bizim üçün çox yaxşı sınaq idi, indi harada olduğumuzu və nəyə qadir olduğumuzu görmək fürsəti idi. Çox yaxşı komandaya qarşı oynadıq, bu, cari çempiondur. Biz gələcək üçün həqiqətən də mühüm nəticə əldə etdik.
Komanda günbəgün böyüyür. Biz bu barədə əvvəlcədən danışırdıq. Bizə turnirdə qalib gəlmək və finala yüksəlmək nəsib oldu (Liqa Kuboku – redaktorun qeydi). İndi biz ilk 8-liyə düşməyə çalışacağıq. Bizim yolumuz belədir. Biz böyüməyə davam edirik. Əlbəttə, qələbə böyük inam verir”, deyə Messi vurğulayıb.
“İnter Mayami” növbəti oyununu sentyabrın 10-da keçirəcək və MLS-in ev oyunu çərçivəsində “Kanzas-Siti”ni qəbul edəcək.


