Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/4 finalında İsveçrə ilə keçirilən oyunda dünya çempionatları tarixinə daha iki rekord yazdırıb.
Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu start heyətində meydana çıxmaqla dünya çempionatlarının pley-off mərhələlərində keçirdiyi oyunların sayını 15-ə çatdırıb və bu göstəricidə Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenu geridə qoyaraq mütləq rekordçu olub. Messi daha əvvəl Kloze ilə birlikdə 14 oyunla ilk pilləni bölüşürdü.
Bununla yanaşı, argentinalı ulduz qarşılaşmada Aleksis Makallisterin vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olub. Bununla da o, dünya çempionatları tarixində məhsuldar ötürmələrinin sayını 10-a çatdırmış ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Lionel Messi əvvəlki – Misirlə 1/8 final matçında (3:2) dünya çempionatları tarixinin məhsuldar ötürmələr üzrə rekordunu yeniləmiş, bu göstəricidə həmyerlisi Dieqo Maradonanı geridə qoymuşdu.
Lakin İsveçrə ilə görüşdə qol vura bilməyən Messi iki rekord seriyasının da başa çatmasına səbəb olub. O, DÇ-2022-nin 1/8 finalından bəri davam edən ardıcıl doqquz oyunluq qol seriyasını başa vurub. Bu müddətdə argentinalı hücumçu 13 dəfə fərqlənmişdi.
Bundan başqa, onun dünya çempionatlarının pley-off mərhələsində ardıcıl altı oyunda qol vurmaq seriyası da qırılıb. Messi DÇ-2022-də pley-offun dörd görüşündə, DÇ-2026-da isə ilk iki pley-off matçında rəqib qapısına yol tapmışdı.
Hazırda ABŞ klubu “İnter Mayami”nin formasını geyinən Lionel Messi karyerası ərzində “Barselona” və PSJ-də çıxış edib. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə gümüş medal qazanıb, həmçinin iki dəfə Amerika Kubokunun (2021, 2024) qalibi olub. Messi həmçinin 8 dəfə “Qızıl top” mükafatına layiq görülməklə də rekordçudur.


