Lionel Messi DÇ tarixinin rekordlarını yeniləməyə davam edir

Argentina millisinin kapitanı Lionel Messi Misirlə DÇ-2026-nın 1/8 finalında yalnız komandasını növbəti mərhələyə daşımaqla kifayətlənməyib.

Arena.az xəbər verir ki, o, Misirə 3:2 hesabıyla qalib gəldikləri görüşdə həm də dünya çempionatları tarixinin bir sıra rekordlarını da yeniləyib.

39 yaşlı hücumçu mundiallarda 31-ci matçına çıxaraq kişi və qadın futbolçular da daxil olmaqla dünya çempionatları tarixində ən çox oyun keçirən futbolçu olub. Bununla o, ABŞ yığmasının sabiq futbolçusu Kristin Lillini geridə qoyub. Kişilər arasında isə Messinin ən yaxın izləyicisi mundialla vidalaşmış Kristiano Ronaldudur (27 oyun).

Messi həmçinin dünya çempionatlarının pley-off mərhələsində keçirdiyi oyunların sayını 14-ə çatdıraraq Almaniya millisinin sabiq bombardiri Miroslav Klozenin rekorduna şərik çıxıb.

Misirlə görüşdə məhsuldar ötürmə müəllifi olan argentinalı mundiallar tarixinin ən yaxşı assistenti adına da yiyələnib. Messinin aktivində artıq 9 məhsuldar ötürmə var və bu göstəricidə o, əfsanəvi həmyerlisi Dieqo Maradonanı arxada qoyub.

Daha sonra qol da vuran Messi dünya çempionatlarında qollarının sayını 21-ə yüksəldərək bombardirlik rekordunu da yeniləyib. Bununla yanaşı, o, ardıcıl doqquzuncu mundial oyununda qol vuraraq öz rekordunu inkişaf etdirib. Bu silsilə DÇ-2022-nin 1/8 final mərhələsindən davam edir.

Təcrübəli hücumçu daha bir unikal göstəriciyə imza atıb. O, mundialların pley-off mərhələsində ardıcıl altıncı matçında fərqlənən ilk futbolçu kimi tarixə düşüb. Bundan əvvəl ardıcıl beş pley-off oyununda qol vurmaq yalnız Leonidas, Dyörd Şaroşi və Vavaya nəsib olmuşdu.

Lionel Messi həmçinin 39 yaş və daha yuxarı futbolçular arasında dünya çempionatlarının pley-off mərhələsində iki qol vuran ilk oyunçu olub. O, bu göstəricidə Kristiano Ronaldo və Pepeni geridə qoyub.

Misirlə dramatik qarşılaşmada penalti qaçırmasına baxmayaraq, qol və məhsuldar ötürmə ilə yadda qalan Messi FIFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilib. Oyundan sonra isə emosiyalarını saxlaya bilməyən kapitan göz yaşlarına hakim ola bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: