Lionel Messi dubla və yeni ilklərə imza atdı – Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun komandası Şimali Amerika Liqa Kubokunun 2-ci turunda “Atlanta Yunayted”lə qarşılaşıb.

“İnter Mayami” doğma meydanda qarşılaşdığı bu rəqibini 4:0 hesabıyla məğlub edib. Messi bu görüşdə 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. 8-ci dəqiqədə hesabı açan təcrübəli futbolçu 22-ci dəqiqədə dublunu rəsmiləşdirib. Digər iki qolu da Robert Teylor vurub. Onun 53-cü dəqiqədə vurduğu qolun məhsuldar ötürməsini də Messi vurub. Komandasını meydana kapitan kimi çıxaran Leo 78-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Messi “İnter Mayami”nin heyətində “Krus Asul”a qarşı matçda (2:1) debüt etmişdi. Futbolçu 54-cü dəqiqədə meydana daxil olmuş və 90+4-cü dəqiqədə cərimə zərbəsindən komandasının qələbə qolunu vurmuşdu. Beləliklə, argentinalı ulduz MLS təmsilçisində keçirdiyi 2 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Maraq üçün xatırladaq ki, Messi daha öncə formasını geyindiyi komandalarda 3 qol həddinə bu qədər tez çatmayıb. O, “Barselona”da 3-cü qolunu 19 oyuna, PSJ-də isə 6 oyuna vurmuşdu.

Messi həm də karyerasında 100-cü kluba qol vurub. “Atlanta Yunayted” 100 fərqli klubun qapısına yol tapmağı bacaran 36 yaşlı oyunçunun hələlik sonuncu “qurbanı”dır.

Lionel Messi, eyni zamanda, 8 ildən sonra ilk dəfə bir qarşılaşmada sağ ayağı ilə dubla imza atıb. O, sonuncu dəfə 2015-ci ildə “Barselona”nın heyətində İspaniya çempionatı çərçivəsində “Levante” ilə matçda bunu reallaşdırıb.

“İnter Mayami” isə tarixinin ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Florida klubu 2021-ci ildə MLS-də “Çinçinnati”ni 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Liqa Kubokunun qrup mərhələsində keçirdiyi hər iki oyunda qələbə qazanmış “İnter Mayami” 1/16 finala vəsiqəni təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: