“İnter Mayami”nin ulduzu Lionel Messi İbizadakı evinə boya tökmüş ətraf mühitin qorunması üzrə fəallardan 50 min avro tələb edir.
Arena.az bu barədə “El Español” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, belə bir tədbirin keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş təşkilat dəymiş zərərin 50 min avro məbləğində qiymətləndirilməsini qeyri-mütənasib hesab edir.
İddia ərizəsində ulduz futbolçunun tərəfi dəstəni cinayət tərkibli zərər vurmaqda təqsirləndirib.
Ətraf mühitin qorunması üzrə müvafiq təşkilatın mətbuat katibi Bilbo Bassaterra, “evi yenidən rəngləməli olsaq belə, işin dəyəri 50 min avro məbləğində olmayacaq”, deyə Messinin nəhəng məbləğdə pul tələbinin qurum tərəfindən əsassız hesab edildiyini bildirib.
Xatırladaq ki, məqsədi “iqlim böhranı zamanı zənginlərin məsuliyyəti”nə diqqət çəkmək olan sözügedən tədbir avqustun 6-da baş tutub. İki gün sonra bu tədbirdə iştirak edərək Messinin evini rəngə boyayıb bunu sosial şəbəkə üzrəindən canlı yayımda yayımlamış üç fəal həbs edilib.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.


