Lionel Messi fransalı azarkeşlər haqda sükutu pozdu

PSJ-nin sabiq hücumçusu Lionel Messi mövsümün sonunda onu daşqalaq edən fransalı azarkeşlər haqqında ilk dəfə danışıb.

Arena.az “beIN Sport”a istinadən Messinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Əvvəlcə hər şey əla idi, həmişə haqqında danışdığım böyük dəstək aldım. Amma sonra insanlar mənə fərqli davranmağa başladılar, bəzi parisli azarkeşlər, hamısı yox. Azarkeşlərin çoxu mənə həmişə ilk vaxtlarda olduğu kimi davranırdılar. Ancaq parçalanma PSJ azarkeşlərinin kifayət qədər böyük bir hissəsi ilə baş verdi və əlbəttə, mən buna can atmırdım.

Bu, burada Mbappe və Neymar ilə artıq baş verib, bu səbəbdən də yəqin ki, bu, onların işgörmə tərzidir. Amma ilk vaxtlarda olduğu kimi, məni dəstəkləyənlərin hamısını hələ də xatırlayıram”.

Yeri gəlmişkən, “İnter Mayami”nin argentinalı ulduz hücumçusu bir vaxtlar PSJ-yə keçidinin səbəbini fə izah edib:

“Mən PSJ-yə klubu bəyəndiyim üçün, dostlarım, tanışlarım və artıq yollarım kəsişən insanların orada çıxış etdiyi üçün gəldim. Mənə elə gəlirdi ki, orada uyğunlaşmam daha asan olacaq. Ona görə də bu klubu seçdim.

Həqiqət budur ki, uyğunlaşma gözlədiyimdən də çətin oldu. Dəyişikliklərə uyğunlaşmaq mənim üçün çətin idi. Üstəlik, gec gəlmişdim, mövsümöncəsini qaçırmışdım. Mən və ailəm yeni şəhərə uyğunlaşmalı olduq. Çətin idi”, deyə Messi xatırlayıb.

Xatırladaq ki, Lionel Messi 2021-2023-cü illər aralığında iki mövsüm keçirdiyi PSJ-nin heyətində ümumilikdə 75 oyun keçirib. O, bu oyunlarda 32 qol vurub, 35 məhsuldar ötürmə verib, parislilərlə iki dəfə Fransa çempionluğunu, 1 dəfə Fransa Super Kubokunu qazanıb. 2022/2023 mövsümünün bitməsilə Messi PSJ-ni azad agent qismində tərk edərək MLS təmsilçisi “İnter Mayami”yə keçib.

“Transfermarkt” internet-portalı Lionel Messini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: