Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”də debüt matçına çıxıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu Şimali Amerika Liqa Kubokunun ilk turunun “İnter Mayami” – “Krus Asul” matçında meydana buraxılıb.
Argentinalı oyunçu 54-cü dəqiqədə yarımmüdafiəçi Benjamin Kremaskini əvəzləyib.
Fort Lauderdeyldəki “İnter Mayami” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 44-cü dəqiqədə “İnter”in yarımmüdafiəçisi Robert Teylor açıb. 65-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Uriel Antuna tabloda hesabı bərabərləşdirib. Qələbə qolunu isə 94-cü dəqiqədə rəqib qapısına məhz Lionel Messi vurub. O, cərimə zərbəsini dəqiq yerinə yetirməklə debütünü qolla taclandırıb.
Əlavə edək ki, Messi ilə yanaşı, “Barselona”nın digər sabiq futbolçusu Serxio Buskets də “İnter Mayami”də debüt matçına məhz “Krus Asul”la görüşdə çıxıb. O da Messi kimi, ABŞ təmsilçisinə məhz bu yay keçib.
“İnter Mayami” növbəti oyunda “Atlanta Yunayted”lə qarşılaşacaq. Oyun iyulun 26-da keçiriləcək.


