Lionel Messi “İnter Mayami”ni yarımfinala çıxardı – Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ klubu “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün CONCACAF Çempionlar Kubokunun 1/4 mərhələsində Amerika Birləşmiş Ştatlarının digər təmsilçisi “Los Anceles” komandası ilə üz-üzə gəlib.

“İnter Mayami” səfərdə 0:1 hesabıyla uduzduğu bu rəqiblə cavab oyununu doğma meydanda keçirib. 3:1 hesabıyla qalib gəlmiş Mayami təmsilçisi yarımfinala vəsiqə qazanıb. Messi 90 dəqiqə oynadığı bu görüşdə komandasının mərhələ adlamasına 2 qol, 1 məhsuldar ötürmə ilə töhfə verib. Belə ki, 9-cu dəqiqədə məğlub duruma düşdükləri görüşün 35-ci dəqiqəsində hesaba tarazlıq gətirib. 61-ci dəqiqədə Messi Noa Allenin vurduğu qolun məhsuldar ötürməsini verib. 84-cü dəqiqədə isə argentinalı ulduz penaltidən dəqiq yararlanmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, ABŞ təmsilçisi yarımfinalda Kanadanın “Vankuver” komandası ilə qarşılaşacaq. İlk oyun aprelin 24-də səfərdə, cavab görüşü mayın 1-də Mayamidə keçiriləcək.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 9 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 48 oyun, 42 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: