Lionel Messi karyerasını bitirəcəyi klubu açıqladı

“İnter Mayami”nin argentinalı ulduzu, veteran hücumçu Lionel Messi amerikan klubunun, karyerasında sonuncu olacağını bildirib.

Arena.az bu barədə ESPN portalına istinadən məlumat verir:

“Bəli, “İnter Mayami” mənim son klubum olacaq. Bu gün bu, mənim son klubumdur. Mən futbol oynamağı sevirəm və bundan daha da çox həzz alıram, çünki başa düşürəm ki, getdikcə daha da az vaxt qalır”, deyə “Leo” vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 181 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: