“İnter Mayami”nin kapitanı, argentinalı ulduz hücumçu Lionel Messi “Nyuells Old Boyz”da oynamaq arzusundan danışıb.
Arena.az “Infobae” dərgisinə istinadən Messinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən həmişə bunu gerçəkləşdirmək istəmişəm, xüsusən də dünya çempionu olduqdan sonra – “Nyuells Old Boyz” üçün oynayaraq, Argentina futbolundan həzz almaq istəmişəm, çünki uşaq vaxtı bu komanda ilə meydana çıxmışam. Mən onlar üçün oynamaq arzusundayam”, deyə Messi bildirib.
Xatırladaq ki, Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində ayrılaraq ABŞ MLS-nin təmsilçisi “İnter Mayami”yə keçib.
Ulduz futbolçu “İnter Mayami”nin heyətində 12 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Messi “vağlar”la 2023 Liqalar Kubokunu qazanıb.
Lionel Messi hazırda kapitanı olduğu, 2005-ci ilin avqustunda debüt etdiyi Argentina yığmasının heyətində 176 oyuna çıxıb, 104 qol vurub, 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Messi yığmanın mütləq rekordçusudur. Argentinalı ulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub.
“Tansfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


