“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi PSJ-də çıxış etdiyi vaxtlarla bağlı xatirələrini paylaşıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, 36 yaşlı futbolçu Paris komandasının heyətində ümidlərinin doğrulmadığını etiraf edib:
“Parisdəki karyeram müxtəlif səbəblərdən gözlədiyim kimi olmadı. Mən iki il Parisdə yaşadım və orada çox yaxşı dostlarım var, şəhəri isə çox bəyəndim. Oğullarım bu şəhəri çox sevirdilər. Onlar üçün Parisi tərk etmək çətin idi, çünki köçmək istəmirdilər və dostları ilə öz məktəblərində qalmaq istəyirdilər.
Bu, bir müddət yaşamaqdan zövq aldığım inanılmaz bir şəhərdir. İdman baxımından hər şey ümid etdiyim kimi olmadı. Amma PSJ-də yaşadığım bütün yaxşı şeyləri xatırlayıram və belə anlar isə çox olub”, deyə Messi etiraf edib.
Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Leo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.
Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, dünən, oktyabrın 30-da Fransanın “France Football” nəşri tərəfindən son mövsümün ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib. Səsvermənin nəticələrinə əsasən, Messi karyerasında 8-ci dəfə “Qızıl top” mükafatını qazanıb. Bununla da o, müəyyənləşdirdiyi mütləq rekordunu yeniləyib. Messi əvvəllər 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə nüfuzlu mükafatın qalibi olub.


