Lionel Messi “Qızıl top”a gələcək iddiaçılardan danışdı

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatına gələcək iddiaçılar haqda danışıb.

Arena.az xatırladır ki, daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuş Messi, ötən il oktyabrın 30-da karyerasında 8-ci “Qızıl top”a layiq görülüb.

Vurğulayaq ki, “Leo” müvafiq nəticə ilə mütləq rekordun sahibidir.

“Gələcək illərdə Haland, Mbappe və Vinisius kimi oyunçular arasında çox gözəl rəqabət ola bilər. Mən də düşünürəm ki, hələ çox gənc olan və hazırda “Barselona”da çıxış edən Lamin Yamal gələcəkdə “Qızıl top” uğrunda mühüm rol oynayacaq və mübarizə aparacaq.

Əlbəttə, başqaları da bu mükafat uğrunda mübarizə aparacaqlar, çünki hələ bilmədiyimiz yeni oyunçular olacaq. Düşünürəm ki, bu bizim zövq alacağımız gözəl bir dövr olacaq”, – “L’Équipe” nəşri argentinalı ulduzdan sitat gətirir.

Xatırladaq ki, hazırda Messi zədəsinin müalicəsi ilə məşğuldur.

Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: