Lionel Messi: “Real” dünyanın ən yaxşı komandasıdır”

Argentina yığmasının və “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi hazırda hansı komandanı dünyanın ən yaxşısı hesab etdiyini bildirib.

Arena.az “Infobae” dərgisinə istinadən, argentinalı ulduzun bu barədə fikirlərini təqdim edir:

“Ən yaxşı komanda “Real”, çünki onlar Çempionlar Liqasının qalibidir. Əvvəlki illərdə də onlar, ötən mövsüm Çempionlar Liqasını qazanmış “Mançester Siti” kimi, ən yaxşılar idilər.

Oyun haqqında danışarkən, şəxsən mən “Pep” Qvardiolanın “Mançester Siti”sini bəyənirəm. Düşünürəm ki, Qvardiolanın çalışdırdığı istənilən komanda onun necə bir məşqçi olması, çalışdırıcılıq tərzi, işləmə üslubu, komandaya aşıladığı futbol növü ilə xüsusidir.

Ona görə də futbol səviyyəsinə görə ən yaxşı komanda “Mançester Siti”, nəticə baxımından isə “Real”dır”, deyə “Leo” vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: