Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun komandası Şimali Amerika Liqa Kubokunun 1/16 final mərhələsi çərçivəsində “Orlando” ilə qarşılaşıb.
“İnter Mayami” doğma meydanda qarşılaşdığı bu rəqibini 3:1 hesabıyla məğlub edib. Messi bu görüşdə də 2 qol vurub. 7-ci dəqiqədə hesabı açan təcrübəli futbolçu 72-ci dəqiqədə də dublunu rəsmiləşdirib. Digər qolu 51-ci dəqiqədə Jozef Martines vurub. 21-ci dəqiqədə sarı vərəqə də alan Messi sonadək meydanda qalıb.
Xatırladaq ki, Messi “İnter Mayami”nin heyətində “Krus Asul”a qarşı matçda (2:1) debüt etmişdi. Futbolçu 54-cü dəqiqədə meydana daxil olmuş və 90+4-cü dəqiqədə cərimə zərbəsindən komandasının qələbə qolunu vurmuşdu. O, “Atlanta Yunayted”lə növbəti görüşün 8 və 22-ci dəqiqələrində fərqlənməklə ilk dublunu da rəsmiləşdirmişdi.
Beləliklə, argentinalı ulduz MLS təmsilçisində keçirdiyi 3 oyuna artıq 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Yeri gəlmişkən, bu oyunda “İnter Mayami”nin yeni transferlərindən Jordi Alba da MLS təmsilçisində debüt edib. O, “Orlando” ilə matçın 64-cü dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, “İnter Mayami” “Orlando” üzərindəki bu qələbə sayəsində 1/8 finala yüksəlib. Messinin komandasının növbəti rəqibi “Dallas” olacaq. Bu oyun avqustun 7-də keçiriləcək və Bakı vaxtı ilə 04:00-da başlayacaq.
Xatırladaq ki, Lionel Messi bu yay Fransanın PSJ klubundan azad agent kimi “İnter Mayami”yə keçib.


