Lionel Messi zədəsini sağaltdı – Sabah oynaya bilər

Futbol üzrə Argentina milli komandasının və ABŞ klubu “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi zədəsini sağaldıb.

Arena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano açıqlama verib.

Argentinalı mütəxəssis təcrübəli oyunçunun durumunun yaxşı olduğunu bildirib:

“O, artıq komanda ilə məşq edir. Gözlənilməz heç nə baş verməsə, növbəti matçda heyətdə olacaq”.

“İnter Mayami” MLS-nin növbəti turunda “Los Anceles Qalaksi” ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 03:30-da start veriləcək.

Xatırladaq ki, “Leo” Liqalar Kubokunun “Nekaksa” ilə 2-ci tur ev oyununda (2:2, penaltilərlə 5:4) zədələnərək, 11-ci dəqiqədə əvəzlənmişdi.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 31 oyuna 24 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 70 oyun, 58 qol və 28 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: