Lionel Messinin gəlişi “İnter Mayami”nin dəyərini 74% artırıb

Argentinalı hücumçu Lionel Messinin ötən yay “İnter Mayami”yə transferi bütün MLS kimi klubun da maliyyə vəziyyətinə müsbət təsir göstərib.

Arena.az bu barədə “Sportico” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, son bir ildə “İnter Mayami”nin təxmini dəyəri 74% artaraq hazırda 1,2 milyard dollar təşkil edir. Amerikan klubunun gəliri də artıb. 2022-ci il ərzində “İnter Mayami” 55 milyon dollar qazanıbsa, 2023-cü ildə klubun mənfəəti 127 milyon dollar olub.

Vurğulanır ki, son bir ildə MLS klublarının gəlirləri 27% artıb.

Xatırladaq ki, “Leo” 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Leo” “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Həmçinin Messi bu il Argentinada ilin idmançısı seçilib və bu, “Leo”nun müvafiq mükafatla 4-cü təltifidir ki, bu göstərici yalnız Messiyə məxsus rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: