Luis Diasın atası 13 günlük əsirlik həyatından danışdı

“Liverpul”un kolumbiyalı hücumçusu Luis Diasın atası Luis Manuel Dias 13 günlük əsirlikdə yaşadıqlarından danışıb.

Arena.az “Marca” nəşrinə istinadən ata Diasın müvafiq xüsusuda xatirələrini diqqətinizə çatdırır:

“Mən hələ də qaçırılmağımın səbəbini başa düşə bilmirəm. Dedilər ki, mənim heç kimlə fitnə-fəsadım yoxdur. Məni hamı tanıyır! Mən mübariz, zəhmətkeş, əməksevər, fədakar, inam, ümid və gözəl gələcək adamıyam. Mənim oğurluğum üçün heç bir səbəb yoxdur, niyə belə etdiklərini bilmirəm.

Uzun yol, kifayət qədər çətin, çoxlu dağlar, çoxlu yağış, çox çətin şeylər vardı. Yaxşı yata bilmirdim, çox çətin idi, demək olar ki, on iki gün yuxusuz qaldım. Özümü rahat hiss etmirdim. İlk iki-üç gündə yemək çatışmazlığından əziyyət çəkdim, həm də bizim daimi yerimiz yox idi.

Kolumbiyadan getməyi planlaşdırırammı? Şəhərimdə qalmağa çalışıram, çünki bütün ailəm şəhərimdədir. Atam, anam və bəzi qohumlarım burada dəfn edilib… hamısı Barrankasdadır.

Hökumət mənə güclü və böyük dəstək verdi. İnanıram ki, təhlükəsizlik xidməti Barrankasda qalmağıma icazə verəcək.
Xilasedicilər mənə nə dedilər? Sakit olmalıyam ki, mənə heç nə olmayacaq. Çünki gördüyüm işə görə bilirlər ki, mən öz şəhərimdə təvazökar və sevimli bir insanam. Həm də ki, onlar mümkün olan hər şeyi edəcəklər ki, mən daha tez azad ola bilim”, deyə Manuel Dias bildirib.

Xatırladaq ki, oktyabrın sonlarında Luis Diasın doğma məmləkəti Quaxira departamentinin Barrankas şəhərində futbolçunun valideynləri oğurlanmışdı. Futbolçunun anası polisin keçirdiyi xüsusi əməliyyatla adam oğrularının əlindən xilas edilmişdı. Futbolçunun atası haqda isə bir müddət məlumat yox idi. Daha sonra ata Diasın Milli Azadlıq Ordusuna məxsus dəstə tərəfindən qaçırıldığı məlum olmuş və təşkilat tezliklə qocanı azad edəcəyi haqda məlumat vermişdi. Bu müddətdə Luis Dias özü Milli Azadlıq Ordusuna bir oğul kimi müraciət edərək, atasının azad edilməsini istəmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: