Luis Enrike Mbappeni kimin əvəz edəcəyi haqda sualı cavabladı

PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubunda fransalı ulduz hücumçu Kilian Mbappeni kimin əvəz edə biləcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az məlumat verir ki, ispan mütəxəssis Fransa Kubokunun finalında Lion “Olimpik”i ilə oyundan (2:1) sonra mətbuat konfransında ona ünvanlanmış müvafiq suala gözləniləndən fərqli cavabı ilə diqqət çəkib:

“Mbappeyə əvəz? Biz komanda olaraq Parisə gəlib tarix yazmaq istəyən oyunçularla bu fəsadı həll edəcəyik! Bu, müstəsna klubdur!”, Luis Enrike heç bir ad çəkməyib və bununla da əvəzedilməz kəslərin olmadığına başa düşməyə imkan verib.

Xatırladaq ki, daha əvvəl, Kilian Mbappe cari mövsümün bitməsilə Fransa nəhəngindən ayrılacağı haqda videomüraciətlə çıxış edib. Mətbuatda isə 2024-cü ilin yayında Kilian Mbappenin Paris klubu ilə müqaviləsi başa çataqdıqdan sonra azad agent qismində “Real”a keçəcəyi haqda məlumat var. Bildirilir ki, Mbappe “qaymaqlılar”la 5 illik müqavilə imzalayacaq.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: