PSJ-nin yeni baş məşqçisi Luis Enrike komandanın ulduz hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı mövzüya toxunub.
Arena.az “RMC Sport”a istinadən Luis Enrikenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən müqavilə imzalamağa razılaşanda biz komandanın formalaşmasını müzakirə etdik və bunu açıq şəkildə etdik. Çox şey baş verə bilər, amma bu mövzunu gizli saxlayacağam. Bu, peşəkar sirrdir. Biz ən yaxşı heyəti toplamağa çalışacağıq. Komandanın hücum üslubu müzakirə mövzusu deyil. Bu, mənim fəlsəfəmdir. Mən oyunçulara uyğunlaşacağam, mənim işim hər bir oyunçudan fərdi surətdə və komandadan bütünlükdə mütləq nəticə əldə etməkdir.
Mən müqaviləsi olan bütün oyunçulara və hazırda almağa çalışdığımız oyunçulara bel bağlayıram. Transfer dövründə hər şey daim dəyişir. Bizim əla heyətimizin olacağını düşünürəm. Əlbəttə, Luis Kampos və prezidentlə müzakirə etdiyiklərimiz aramızda qalacaq”, deyə Enrike bildirib.
Xatırladaq ki, Luis Enrike PSJ-nin baş məşqçisi vəzifəsində fransız mütəxəssis Kristof Qaltyeni əvəzləyib. İspan mütəxəssislə ötən gün 2 illik müqavilə imzalanıb.


