Madrid icması İspaniyanın paytaxtında məskunlaşan və sərmayə qoyan əcnəbilər üçün yeni qanunun təsdiqini nəzərdən keçirir.
Arena.az bu barədə Mundo Deportivo nəşrinə istinadən məlumat verir.
Söhbət Madriddə məskunlaşmış və sərmayə qoyan xarici vətəndaşlara bölgəsal fərdi gəlir vergisinin ləğvini nəzərdə tutan “Mbappe qanunu” adlanan qanundan gedir.
Vurğulanır ki, Madrid icması bir müddətdir, bu yeni qanunu nəzərdən keçirir və onun təsdiqlənməsinin son mərhələsindədir.
Bildirilir ki, bu tədbir 2005-ci ildə “Mançester Yunayted”dən ingilis yarımmüdafiəçi Devid Bekhemlə müqavilə imzaladıqdan iki il sonra tətbiq edilmiş “Bekhem qanunu”nu xatırladır. Bu qanun İspaniyaya köçən əcnəbilərə rəsmi gəlirlərindən asılı olmayaraq 24% sabit fərdi gəlir vergisi dərəcəsini ödəmək üçün işləməyə icazə verən vergi rejmini tətbiq etmişdi.
Xatırladaq ki, iyunun 3-də “Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.
Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


