Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə qarşılaşıb.
Doğma meydanda baş tutan bu oyun Zaqreb təmsilçisinin növbəti məğlubiyyəti ilə başa çatıb – 0:1.
Mahir bu matça start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu bu matçda yalnız 19-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
“Dinamo” 3 turdan sonra 3 xalla C qrupunun 2-cisidir. “Viktoriya” (Plzen) 9 xalla 1-ci, “Ballkani” 3 xalla 3-cüdür. 3 xala malik “Astana” da sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 40 matça çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 44 oyunda 5 qol vurub.


