Makron Mbappeyə görə “Real”ın prezidentinə minnətçi düşəcək

Fransa prezidenti Emmanuel Makron “xoruzlar”ın ulduz hücumçusu Kilian Mbappe ilə bağlı “Real”ın prezidenti Florentino Pereslə görüşəcək.

Arena.az bu barədə “RMC Sports” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, görüşdə məqsəd, tezliklə rəsmən “Real”ın futbolçusu olacaq Kilian Mbappenin cari ildə baş tutacaq XXXIII Paris Yay Olimpiya Oyunalrında iştirakını müzakirə etməkdir.

Makron və Peresin görüşünün FIFA-nın 120 illiyi münasibətilə Yelisey Sarayında təşkil ediləcək xeyriyyə şam yeməyində baş tutacağı bildirilir.

Xatırladaq ki, Peres bir qədər mühafizəkar baxışlara sahibdir və “Real”ın gələcək futbolçusunu Olimpiya futbol yarışında iştirak üçün buraxmaq istəmir. Təxmin edilir ki, Makron məhz bu daşı Peresin ətəyindən tökməyə çalışacaq.

Mbappe “Real”la nə vaxt müqavilə bağlayacaq?

Daha öncə mətbuatda, 2024-cü ilin yayında Kilian Mbappenin Paris klubu ilə müqaviləsi başa çataqdıqdan sonra azad agent qismində “Real”a keçəcəyi haqda məlumat var. Bildirilir ki, Mbappe “qaymaqlılar”la 5 illik müqavilə imzalayacaq. Kilian “Real”da ildə 15 milyon avro məbləğində maaş alacaq ki, bu da ulduz futbolçunun PSJ-də aldığı maaşdan azdır. Bu halda fransalı ulduzun 150 milyon avro məbləğində imza üstəliyi almaq hüququ var.

Bundan əvvəl mətbuatda, Mbappenin artıq “Real”la müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Öz növbəsində, “kral klubu”nun prezidenti Florentino Peresin “Real”ın baş məşqçisi Karlo Ançelottinin məşqçilər qərargahına Mbappenin “qaymaqlılar”ın yeni oyunçusu olacağı barədə məlumat verdiyi vurğulanır.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 255 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: