Markinyos və komanda yoldaşları PSJ-nin qərarına təəccübləniblər

PSJ-nin müdafiəçisi və kapitanı Markinyos hücumçu Kilian Mbappenin Paris komandasına qayıdacağına ümid edir.

Arena.az bu barədə “ESPN Deportes”ə istinadən məlumat verir:

“O, əla oyunçudur, çox güclüdür, amma bu, rəhbərliyin qərarıdır. Hər şeyin yaxşı bitəcəyinə ümidvaram, o, qayıdacaq və bu mövsümdə bizə kömək edəcək”, deyə Markinyos bildirib.

PSJ-nin braziliyalı kapitanı ilə yanaşı, komanda heyətinin futbolçuları da Paris klubunun öz ulduzunu Yaponiya turnesinə aparmamaq haqda qərarını təəccüblə qarşılayıblar.

Xatırladaq ki, daha əvvəl Mbappenin klubun Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışına yollanacaq heyətdən xaric olunduğu haqda məlumat verilmişdi. Paris klubunun rəhbərliyi bu addımını ulduz hücumçunun “Real”la gizli razılığa gəlməsinə əmin olması ilə izah edib. PSJ-nin bu səbəblə Mbappeni transferə çıxardığı haqda məlumat var. Həmçinin PSJ rəhbərliyinin komandanın bir daha Mbappe ilə oyun keçirməmək tədbiri üzərində düşündüyü bildirilir.

Digər məlumatda isə Mbappenin komandada qalacağı halda, Paris klubunun fransalı ulduzun adını Çempionlar Liqasının iştirak ərizəsinə salmayacağı bildirilir. Buna cavab olaraq, PSJ, həmkarlar ittifaqının tənqidinə tuş gəlib. Həmçinin Fransa nəhənginin ulduz futbolçusunu Səudiyyə Ərəbistanı Liqasına sata biləcəyi haqda xəbərlər də gündəmi zəbt edib.

Hazırda Mbappe “Real”ın əsas transfer hədəfidir. “Kral klubu fransalı ulduzu transfer edə biləcək gerçək iqtidarda olan yeganə klub göstərilir və futbolçunun ətrafında cərəyan edən hadisələr mənzərəsində fürsətcil mövqe tutub. “Əl-Hilal”, “Mançester Yunayted”, “Tottenhem”, “Liverpul” və “Çelsi” də Mbappe ilə maraqlanırlar, amma adı çəkilən klubların müvafiq transferi gerçəkləşdirmək üçün imkanları məhduddur.

Xatırladaq ki, Mbappenin ətrafında yaranmış belə qeyri-müəyyən vəziyyətin təqsirkarı ulduz futbolçunun özüdür. Mbappe klubla müqaviləsinin 2024/2025 mövsümünə uzatmamaqla yanaşı, klubun gələn mövsümə hazırlıq planlarının da alt-üst etməkdə davam edir. Paris klubu komandanı Mbappe ətrafında və ya ulduz futbolçusuz quracağını hələ də müəyyənləşdirə bilməyib. PSJ bu haqda Mbappeyə rəsmi məktub da ünvanlayıb, məktubun mətni mətbuatda açıq dərc edilib. PSJ-nin yeni baş məşqçisi Luis Enrikenin parisliləri Mbappesiz də çalışdırıb, növbəti mövsümdə mübarizə aparmağa hazır olduğu xüsusilə vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: