Futbol üzrə İtaliya millisi ilə Avropa çempionu olmuş “Əl-Ərəbi”nin yarımmüdafiəçisi Marko Verratti Qətərdə klubunu dəyişib.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu “Əl-Ərəbi”ni azad agent kimi tərk edərək Qətərin digər təmsilçisi “Əl-Duhail” komandasına keçib.
Tərəflər arasında imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma italiyalı futbolçunun ən azı daha bir mövsüm Qətər çempionatında çıxış edəcəyi şübhə doğurmur.
Xatırladaq ki, Marko Verratti “Əl-Ərəbi” klubuna 2023-cü ilin yayında cəlb olunmuşdu. Həmin vaxt o, Qətər klubu ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı. Ərəblər Verrattinin transferi müqabilində PSJ-yə 45 milyon avro ödəmişdilər. İtalyan yarımmüdafiəçi “Əl-Ərəbi”nin heyətində bütövlükdə 40 oyun keçirib, 4 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.
İtaliyanın “Peskara” klubunun yetirməsi olan Verratti 2012-ci ildən 2023-cü ilədək PSJ-də forma geyinib. İtalyan yarımmüdafiəçinin Fransa nəhənginin heyətində ümumi statistikası isə belədir: 416 oyun, 11 qol, 61 məhsuldar ötürmə. Marko PSJ ilə xeyli qənimət qazanıb: 9 dəfə Fransa çempionatını, 6 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 9 dəfə Fransa Super Kubokunun qalibi olub.
Marko Verratti 2012-ci ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 55 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Marko “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa Çempionatını qazanıb.
“Transfermarkt” internet-portalı 32 yaşlı Marko Verrattini 10 milyon avro məbləğində qiymətləndirir.


