Martin Petkov – “Turan Tovuz”da yeni hücumçu!

Bolqarıstanın “Septemvri” (Sofiya) klubunun hücumçusu Martin Petkov karyerasını Azərbaycanda davam etdirəcək.

Arena.az xəbər verir ki, 20 yaşlı bolqar forvardı “Turan Tovuz” heyətinə cəlb edib.

Hələlik qərb təmsilçisi bu transferi rəsmən açıqlamayıb. Amma klubun gizli saxladığı transfer artıq məşhur “Transfermarkt” saytında qeydiyyata alınıb. Belə ki, orada Petkov “Turan Tovuz”un futbolçusu kimi göstərilib. “Septemvri”dən azad agent kimi ayrılan gənc futbolçunun keçidi yəqin ki, tezliklə rəsmən açıqlanacaq. Onun Sofiya təmsilçisi ilə müqaviləsi bu ayın sonunda bitir.

Xatırladaq ki, Martin Petkov Sofiyanın daha məşhur “Levski” klubunun yetirməsidir. O, bu komandada meydana çıxdığı 68 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Slaviyanın digər məşhur klubu “Slaviya”da da oynamış hücumçu bu komandada 13 oyuna 1 qol vurub, 1 assist edib. Onun “Septemvri” karyerası isə 28 oyun, 4 qol və 4 assistdən ibarətdir.

Petkov Bolqarıstanın U-16, U-17, U-18, U-19 yığmalarında oynayıb. 2021-ci ildən isə o, ölkəsinin gənclərdən ibarət millisində forma geyinir – 11 oyun, 1 qol.

Qeyd edək ki, “Turan Tovuz” bu yay hələ heç bir rəsmi transfer açıqlamayıb. Tovuz klubunda Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov və Ehtiram Şahverdiyevlə yeni müqavilə imzalanıb. Henri Okebuqvunun isə komandadan ayrıldığı açıqlanıb.