Maskerano çalışdırdığı Messi ilə dostluğunu gizlətmək fikrində deyil

“İnter Mayami”nin yeni baş məşqçisi Xavyer Maskerano kluba keçdikdən sonra argentinalı ulduz hücumçu Lionel Messiyə dediklərini açıqlayıb.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, argentinalı mütəxəssis “vağlar”ın sükanı arxasına keçdikdən sonra, ulduz həmvətəni Messi başda olmaqla, bir vaxtlar “Barselona”da birlikdə çıxış etdiyi komanda yoldaşları ilə dostluq münasibətlərini pərdələməməyə üstünlük verib:

“Mən onlara dedim ki, paltardəyişmə otağına girib dost olmamış kimi davranmaq fikrində deyiləm. Mas, Lionel və digər uşaqlara, illər ərzində qurduğum münasibətləri bir işə görə təhlükəyə atmayacağımı söylədim. Mən o cür adam deyiləm. Həyat futboldan kənarda davam edir”, deyə gənc mütəxəssis mövqeyini açıqlayıb.

Xatırladaq ki, Maskerano daha əvvəl “Barselona”da Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba ilə top qovub.

Xavyer Maskerano “vağlar”ın sükanı arxasında həmyerlisi Xerardo “Tata” Martinonu əvəz edib. Hansı ki, təcrübəli mütəxəssis şəxsi səbəblərə görə “İnter Mayami”dən ayrılmağa qərar verib.

Maskerano ilə “İnter Mayami” arasındakı müqavilənin müddəti MLS-in 2027-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub. Maskerano buna qədər Argentinanın gənclərdən ibarət komandasını (U-20) çalışdırırdı. Maskeranonun Argentina Futbol Assosasiyası (AFA) ilə müaviləsinin müddəti cari ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub. Argentinalı mütəxəssisin iş üçün gərək olan sənədləri aldıqdan sonra “İnter Mayami”də fəaliyyətə başlayacağı vurğulanır. Maskerano bu sənədləri cari ilin bitməsi ilə əldə edəcək və müqavilənin rəsmiyyəti 2025-ci ilin yanvar ayının 1-də təsdiqləndikdən sonra “İnter Mayami”nin sükanı arxasında “vağlar”ı çalışdıracaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: