Maskerano Messinin zədəsi haqda məlumat verdi

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano “vağlar”ın 38 yaşlı argentinalı ulduz hücumçusu Lionel Messinin zədəsi haqda məlumat verib.

Arena.az “Goal” dərgisinə istinadən, 41 yaşlı argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən onunla dünən danışmışam – bu, kiçik bir zədədir. Bəd xəbərlərdə yaxşı bir xüsus da var, əlbəttə, onun sıradan çıxması bizə xoş deyil, amma biz həmçinin dəqiq müddət təyin etməkdən daşınırıq. O, xüsusi oyunçudur və adətən tez sağalır, odur ki, vəziyyəti günbəgün qiymətləndirəcəyik. Sabah o, lap yəqin, oynamayacaq, sonrasını isə baxıb-görəcəyik ki, tibbi qərargahın müayinələrinin nəticəsində vəziyyət necə cərəyan edir”, deyə Maskerano vəziyyətə aydınlıq gətirib.

Xatırladaq ki, “Leo” Liqalar Kubokunun “Nekaksa” ilə 2-ci tur ev oyununda (2:2, penaltilərlə 5:4) zədələnərək, 11-ci dəqiqədə əvəzlənib.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 31 oyuna 24 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 70 oyun, 58 qol və 28 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: