“Mbappe bu yay “Real”ın planlarına daxil deyil”

Fransa çempionu PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappe cari yay transfer pəncərəsində “Real”a keçməyəcək.

Arena.az bu barədə İspaniyanın nüfuzlu “Marca” nəşrinə istinadən xəbər verir.

Məlumatda Kilian Mbappenin mövsümlərarası fasilədə “Real”ın hücum xəttini gücləndirmək planlarına daxil olmadığı iddia edilir. Həmçinin həmin məlumatda “Kral klubu”nun 24 yaşlı ulduzla ilkin müqaviləni 2024-cü ilin yanvarında – Mbappenin PSJ ilə müqaviləsinin bitməsinə altı ay qalmış imzalayacağı variantı da istisna edilmir.

2017-ci ilin yayından PSJ-də çıxış edən Kilian geridə qalmış mövsümdə parislilərin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, komandası ilə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast furbolçusu olub və ən yaxşı oyunçusu seçilib.

Əvvəllər mətbuat dəfələrlə Mbappeni “Real”a “göndərib”.

Xatırladaq ki, Mbappe 2022-ci ilin yay transfer pəncərəsində azad agent qismində “Real”a keçməyə çox yaxın olsa da, son anda fikrindən daşınaraq PSJ ilə müqaviləsini yeniləyib. O zaman ulduz hücumçunun müvafiq davranışı böyük səs-küy doğurmuşdu.
Hazırda Mbappenin yaxın gələcəyi haqda qeyri-müəyyənlik hələ də qalmaqdadır. Rəsmi məlumatın yoxluğunda insayderlərdən gələn müxtəlif xəbərlərin çoxluğu ilə yanaşı, nəşr və portalların da məlumatları yer almaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: