PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həmyerlisi, sabiq hücumçu Tyerri Anrinin nailiyyətini üstələyib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kilian UEFA Çempionlar Liqasında ardıcıl 8 ev oyununda qol vuran ilk fransalı futbolçudur. O, bu göstəricidə 2001-ci ilin martından 2002-ci ilin fevralına qədər “Arsenal”ın heyətində 7 qol vurmuş həmyerlisi Tyerri Anrinin nəticəsini üstələyib.
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda PSJ İtaliya nəhəngi “Milan”ı 3:0 hesabı ilə məğlub edib. Bu oyunda ilk qolu Kilian vurub.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 11 oyuna çıxıb, 11 qol vurub, 1 məhsuldar ötürmə verib.
Hücumçu hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


