Mbappe futbolçu karyerasını bitirmiş Buffona müraciət etdi

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını başa vurduğunu elan etmiş əfsanəvi italiyan qapıçı Canluici Buffona müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, Mbappe özünün “Twitter” hesabında bu xüsusda yazıb:

“Sizinlə görüşmək və əfsanəvi karyeranızla yollarımın kəsişməsi böyük şərəf idi. Ömrümün sonuna qədər saxlayacağım dəyərli məsləhətləri verən qızıl adam. Ən yaxşısı diləyi ilə və çox sağ olun”, Mbappe yazıb.

Xatırladaq ki, Buffonla Mbappenin yolları 2018/2019 mövsümündə PSJ-də kəsişib.

45 yaşlı Buffon karyerası ərzində cəmi 3 klubda – “Parma”, “Yuventus” və PSJ-də çıxış edib. Buffon futbolçu karyerasına “Parma”da başlayıb. Sabiq qapıçı “Parma” akademiyasının məzunudur. O, 1995-ci ildən 2001-ci ilə qədər “Parma”da oynayıb, Ardınca “Yuventus”a keçən Buffon 17 il “Qoca sinyora”nın şərəfini qoruyub. Daha sonra Buffonun Turin klubu ilə yolları qısa müddətə ayrılıb. İki ili PSJ-də keçirən Buffon yenidən “Yuventus”a qayıdıb. 2021-ci ildə isə o, karyerasını başladığı doğma “Parma”ya üz tutub. Burada Buffon “Parma”nı A Seriyasına çıxarmaq uğrunda xeyli zəhmətə qatlaşıb. Növbəti mövsümdə A Seriyasına çıxmaq uğrunda mübarizə aparan “Parma” son anda büdrəyərək B Seriyasında qalıb və bu məqam Buffonu çox mütəəssir edib.

Canluici Buffon peşəkar karyerası ərzində 29 kubok qazanıb. Qapıçının adı “Yuventus”la daha çox bağlıdır. Turin klubu ilə Buffon 10 dəfə İtaliya A Seriyasını, 5 dəfə İtaliya Kubokunu, 6 dəfə İtaliya Super Kubokunu qazanıb.

İtaliya yığmasının heyətində 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında qazandığı çempionluq Buffonun karyerasının zirvə anıdır. Ancaq əfsanəvi qapıçıya UEFA Çempionlar Liqasını qazanmaq nəsib olmayıb. Buffon çox çalışsa da, qələbəyə nail olmayıb, yalnız finalçı adı ilə kifayətlənməli olub.

Klub karyerası ərzində Buffon 975 oyun keçirib, 825 qol buraxıb, 429 oyunda qapısının toxunulmazlığını təmin edib.

Buffon İtaliya yığmasının heyətində 176 oyun keçirib, 146 qol “yeyib”, 77 oyundan “quru” çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: