PSJ və Fransa yığmasının mərkəz hücumçusu Kilian Mbappe AÇ-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə yığması ilə oyunda (14:0) rekord qırıb.
Arena.az məlumat verir ki, fransalı ulduz bu oyunda üç qola imza atmaqla, karyerasında 300-cü qolunu vurub.
Kilian bu göstəriciyə 24 yaşında çatıb. “Opta Sport” statistik internet-portalına görə, Mbappe 300 qolunu, buna 25 yaşına çatdıqdan sonra nail olmuş dünya futbolunun ulduzları – argentinalı Lionel Messi, portuqal Kristiano Ronaldo və braziliyalı Neymardan daha gənc ikən vurub.
Mbappe həm də Fransa yığmasının heyətində 46-cı qolunu vurub və “xoruzlar”ın bütün zamanların ən yaxşı qolçuları siyahısında 3-cü yerə yüksəlib. Mbappe 44 qol vurmuş Antuan Qrizmanı üstələyib. Hazırda Mbappeni Fransa yığmasının tarixən ən sərrast qolçuları siyahısında Cəbəllütariqlə oyunda qol vurmuş 37 yaşlı Olivye Jiru və futbolçu karyerasını artıq başa vurmuş Tyerri Anri qabaqlayırlar. Jirunun hesabında 56, Anrinin hesabında isə 51 qol var. Göründüyü kimi, Mbappenin hər iki rəqibini üstələyib mütləq rekordçu olacağı gün uzaqda deyil.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 15 oyuna çıxıb, 15 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 74 oyun keçirib, 46 qol vurub, 28 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


