Mbappe: “Paraqvay futbol oynamaq üçün gəlməmişdi”

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qazandıqları 1:0 hesablı qələbədən sonra rəqib komandanın oyun tərzini sərt tənqid edib.

“Real”ın futbolçusu bildirib ki, paraqvaylılar futbol oynamaqdan daha çox kobud mübarizəyə üstünlük verirdilər. Onun sözlərinə görə, Fransa millisi isə belə oyuna da hazır idi:

“Fransa millisi təkcə hücum futbolu oynayan komanda deyil. Biz istənilən üslubda oynaya bilirik. Lazım gələrsə, sərt futbol da oynayarıq. Əllərimizi çirkləndirmək lazımdırsa, bunu da edərik. Meydana çıxdıq və qalib gəldik, məsələ də budur”.

27 yaşlı hücumçu paraqvaylıların fransız futbolçularını təxribata çəkməyə çalışdığını da vurğulayıb:

“Rəqib elə düşünürdü ki, biz meydana smokin geyinib çıxacağıq. Amma biz də sərt oynamağı bacarırıq, hətta bunu onlardan daha yaxşı edirik. Paraqvay futbol oynamaq üçün gəlməmişdi. Biz isə onlara futbolun necə oynandığını göstərdik. Onlar bizə qarşı aqressiv davranmağa çalışdılar, amma öz silahları ilə onlara cavab verdik”, – deyə Mbappe əlavə edib.

Qeyd edək ki, qarşılaşma zamanı Paraqvay millisinin futbolçusu Matias Gilarza ən azı iki dəfə Fransa yığmasının oyunçularına qarşı kobud hərəkət etsə də, baş hakim ona heç bir xəbərdarlıq göstərməyib.

Fransa millisi bu qələbə sayəsində DÇ-2026-nın 1/4 finalına yüksəlib və növbəti mərhələdə Mərakeş yığması ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: