PSJ-nin ulduz hücumçusu Kilian Mbappe növbəti mövsümdə PSJ-də qalacağını və gələcək karyerası ilə bağlı qərarı gələn il verəcəyini bildirib.
Arena.az “Telefoot”a istinadən Mbappenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Növbəti mövsümdə PSJ-də qalacağam və gələcəyi isə yalnız 2024-cü ildə müəyyənləşdirəcəyəm. Bir il ərzində çox şey baş verə bilər, xüsusən də PSJ kimi klubda”.
Daha əvvəl futbolçunun Paris klubu ilə müqaviləni 2025-ci ilə qədər yeniləməkdən imtina etdiyi bildirilirdi. Bu səbəbdən klubun Mbappeni gələn il azad agent kimi havayı əldən verməməsi üçün bu yay transfer pəncərəsində satışa çıxardığı deyilirdi.
2022/2023 mövsümündə Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib və Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


