Hazırda “Real”da çıxış edən fransalı ulduz hücumçu Kilian Mbappe keçmiş klubu PSJ-dən borcunu almaq məqsədilə yeni tədbir görüb.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Kilian Mbappe Fransa Futbol Federasiyası (FFF) vasitəsilə Fransa Liqası (LFP) və UEFA-nın hüquq komissiyasına müraciət edərək, əvvəllər çıxış etdiyi PSJ-dən tərəflərin köhnə müqaviləsinə əsasən 55 milyon avro məbləğində təzminat ödəməsini tələb edib.
O da bildirilir ki, futbolçunun vəkilləri ödənişləri səmərəli həyata keçirmək üçün bu borcu Fransa nəhənginin əsas səhmdarı olan “Qatar Sports Investment” şirkətindən almağa çalışırlar.
Tələb edilən məbləğə ulduz futbolçunun fevral ayında Paris klubundan almalı olduğu imza üstəliyinin son üçdə biri, müqaviləsində nəzərdə tutulmuş son üç ayın maaşı, həmçinin həmin üç ay üçün “etik üstəlik” üzrə məbləğ daxildir.
Bildirilir ki, futbolçunun ətrafı öz hüquqlarını qorumaq üçün peşəkar futbol nizamnaməsinin 259-cu maddəsinə əsaslanırlar. Bu maddədə deyilir ki, klublar müqaviləli oyunçuların maaşlarını ümumi qanunun şərtlərinə müvafiq olaraq hər ayın son günündən gec olmayaraq ödəməlidirlər. Hazırda məsələ hüquqi müstəviyə çatmayıb və hər iki tərəf həll yolu axtarışında bəyanat mübadiləsini davam etdirir.
Kilian Mbappe isə artıq ikinci bildirişini ünvanlayıb. Bu istiqamətdə iş davam edir.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş futbolçu, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. O, vurduğu 256 qolla PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe bu yay PSJ-dən azad agent kimi ayrılaraq İspaniyaya üz tutub.


