PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe parislilərə komandanı havayı tərk etməyəcəyi haqda söz verib.
Arena.az bu barədə Fransanın məşhue “L’Equipe” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, PSJ Mbappe ilə 2023/2024 mövsümünün sonunda başa çatacaq cari müqaviləsini, fransalı ulduzun “Real”a zəmanətli keçidi müqabilində 2025-ci ilin iyun ayının sonuna qədər uzatmaq istəyir. Mbappenin bu şərtlə razı olduğu vurğulanır.
Mbappenin avqustun 19-da Fransa çempionatının 2-ci turu çərçivəsində “Tuluza”ya qarşı oyunda meydana çıxacağı gözlənilir.
Xatırladaq ki, o, Fransa çempionatının 1-ci turu çərçivəsində “Loryan”a qarşı oyununun (0:0) iştirak ərizəsinə daxil edilməmişdi. Ulduz futbolçu müqaviləsi ilə bağlı nala-mıxa vurduğundan PSJ rəhbərliyi tərəfindən qadağalarla üzləşmiş, əsas komanda ilə məşqlərdən kənarlaşdırılmışdı. Avqustun 13-də Mbappe əsas komanda ilə ümumi qrupda məşqləri bərpa etmək üçün klub rəhbərliyindən icazə alıb.
Jurnalist Santi Aunanın məlumatında deyilir ki, Mbappe komandanın braziliyalı hücumçusu Neymarın komandadan mümkün gedişi ilə əlaqədar olaraq, özünün PSJ ilə müqaviləsinə dair mövqeyini yenidən nəzərdən keçirib. Fransalı ulduzun PSJ ilə bir müddətdir davam edən anlaşılmazlığının tərəflər üçün nəhayət razılıqla başa çatmasında, məhz bu məqamın müsbət rol oynadığı vurğulanır.
Xatırladaq ki, Neymarın Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan sərfəli təklif alıb. Transferin tezliklə uğurla başa çatacağı barədə məlumatlar yayılmaqdadır.


