“Real”ın və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe 17 yaşlı qardaşı Etan Mbappenin “Lill”ə keçidi ilə bağlı fikrini açıqlayıb.
Arena.az Kiliann bu barədə fikirini təqdim edir:
“İlk peşəkar müqavilən münasibətilə səni təbrik edirəm. Böyük bir klubda böyük bir macəranın başlanğıcıdır. Sənin və komandan üçün ən yaxşısını diləyirəm. Mən sənin bir nömrəli tərəfdarınam. Ən çətini başlamaqdır, amma bacararsan. İndi Madrid – Lill üzrə uçuşlara baxıram, ha-ha”, deyə Mbappe öz sosial şəbəkə hesabı üzərindən yazıb.
Xatırladaq ki, bir müddət öncə PSJ-dən ayrılan fransalı mərkəz yarımmüdafiəçisi Etan Mbappe Liqa 1-in digər təmsilçisi “Lill”ə keçib. Fransalı futbolçu ilə “Lill” arasında 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Etan Mbappe futbolda ilk addımlarını 2017-ci ildə Fransanın “Bondi” klubunda atmağa başlayıb. Həmin ilin avqustunda Etan PSJ-nin futbol akademiyasına yol tapıb və Paris klubunun yeniyetmələrdən ibarət komandasında çıxış edib. 2021-ci ilin iyulunda Etan PSJ-nin U-17 komandasına cəlb edilib, 1 il sonra, 2022-ci ilin iyulunda isə Paris klubunun U-19 komandasına keçirilib.
2023-cü ilin sentyabr ayının 15-də yarımmüdafiəçi ilk dəfə PSJ-nin əsas komandasına daxil edilib. O, dekabrın 20-də isə Fransa Liqa 1-in 17-ci turunun “Mets”lə “Park de Prens”dəki oyununda (3:1) meydana çıxaraq debüt edib, cəmi 1 dəqiqə oynayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Etan Mbappe PSJ-nin heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.
Etan Fransanın U-16 və U-19 komandalarına çağırış alıb, amma meydana çıxmayıb. Həmçinin yarımmüdafiəçi “xoruzlar”ın əsas yığmasına hələ cəlb edilməyib.
Etan Mbappenin qənimətlər muzeyində PSJ-nin U-19 konandası ilə Fransa çempionluğu (2023/2024), həmçinin PSJ-nin əsas komandası ilə geridə qalmış 2023/2024-cü illər mövsümündə qazandığı 3 qənimət – Fransa Liqa-1-in çempionluğu, Fransa Kuboku və Fransa Super Kuboku var.
“Transfermarkt” internet-portalı 17 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.


