Mbappe: “Ümidvaram ki, Dembele eyni ruhda davam edəcək”

Fransalı hücumçu Kilian Mbappe həmvətəni, sağ vinger Usman Dembelenin son vaxtlar nail olduğu tərəqqi haqda fikrini bildirib.

Arena.az xəbər verir ki, “Real”ın futbolçusu PSJ-də çıxış edən həmkarı barədə bunları söyləyib:

“Mən onun tərəqqisinə şadam. Ümidvaram ki, o, eyni ruhda da davam edəcək”, deyə Mbappe vurğulayıb.

Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 30 qol vurub, 6 məhsuldar ötürmə verib.

Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 79 oyun, 36 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 21 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 5 məhsuldar ötürmə var.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 53 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: