PSJ və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe tez bir zamanda yeni agent tapmaq məcburiyyətində qalacaq.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, uzun illər Kilianın futbolçu karyerasının kargüzarlıq tərəfini nəzarətində saxlamış anası Fayza Lamari, FIFA lisenziyası ala bilməyib.
Bu üzdən də o, gələcəkdə oğlunun maraqlarını təmsil edə bilməyəcək. Mbappenin anası lisenziya almış FIFA agentlərinin reyestrinə daxil edilməyib. Müvafiq olaraq, o, Kilian Mbappenin adından danışıqlar apara bilmək hüququna malik deyil.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 9 oyuna çıxıb, 8 qol vurub.
Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 71 oyun keçirib, 40 qol vurub, 25 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


