PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappenin Madrid “Real”ına keçidinin gerçəkləşməyə yaxın olduğu ehtimal edilir.
Arena.az bu barədə “Marca”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bir neçə gün əvvəl “Kral klubu”nun rəhbərliyi PSJ-nin ulduz futbolçusunu hansı məbləğə buraxmağa hazır olduğunu öyrənib. Söhbət 250 milyon avrodan gedir. Müvafiq məlumatı Madridə Mbappenin anası Fayza Lamari ötürüb.
“Real” cari yay transfer pəncərəsində gözlənilən müqaviləni bağlaya və ya böyük səbr nümayiş etdirərək, daha bir il gözləyə, ulduz futbolçunun Madridə gələn yay azad agent qismində keçməsinə nail ola bilər. İkinci variant madridlilərin üstünlük verdiyi seçim idi. Ancaq bu, Kərim Benzemanın “Kral klubu”nu tərk etməsinə qədər belə idi. İndi danışıqlarda üstünlük “Real”ın tərəfindədir. PSJ rəhbərliyi bilir ki, klub tutduğu mövqedən avqustun 31-nə qədər geri çəkilsə, Mbappe gələn yay cari müqaviləsi başa çatdıqdan dərhal sonra, klubu sadəcə olaraq azad agent qismində havayı tərk edəcək.
Fransa nəhəngi simasını itirmək kimi xoşagəlməz məqamla üz-üzə qalıb. Doğrusu, Mbappe öz davranışı ilə Paris klubunu bu hala salıb. PSJ Mbappeni rekord məbləğə satmaqla simasını xilas etməyə çalışacaq. Ulduz futbolçunun müqaviləsinin bitməsinə cəmi bir il qaldığını nəzərə alsaq, belə bir transferin kifayət qədər uğurlu görünəcəyi aşkardır. Lakin bu, həqiqəti yalnız qismən ifadə edəcək formallıq olacaq. Çünki tərəflərin yaxın günlərdə razılaşa biləcəyi 225-230 milyon avro qazancı PSJ, son bir ildə 192 milyon avro almadığı üçün təzminat tələb edən ulduzla bölüşdürməli olacaq.


