PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappenin anası və agenti Fayza Lamari yenidən futbolçu oğlunun agenti statusunu bərpa edəcək.
Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.
FIFA dünən, dekabrın 30-da 2023-cü ilin yanvarında qəbul etdiyi qaydaları dayandırmaq qərarına gəldikdən sonra xanım Lamarinin oğlunu təmsil etməyə davam edə biləcəyi mümkündür. Belə ki, bu halda köhnə qaydalar qüvvəyə minib.
Yeni qaydaların tətbiqi dayandırıldığına görə, Mbappenin anasının oğlunun futbol işlərini idarə etmək üçün daha FIFA-nın xüsusi lisenziyasına ehtiyacının olmadığı bildirilir. Əvvəllər yeni qaydaların tətbiqi ilə xanım Lamari müvafiq lisenziyanı ala bilmirdi.
Xatırladaq ki, FIFA-nın hazırda tətbiqini dayandırdığı yeni qaydalarına əsasən, futbol agentliyinə iddialı şəxslər yalnız ingilis dilindən xüsusi imtahan verdikdən və müvafiq lisenziya aldıqdan sonra agentlik fəaliyyətini həyata keçirməlidirlər. Bundan əlavə, yeni qaydalar agent komissiyalarına müəyyən məhdudiyyətlər qoyur. Oyunçuların agentlə müqaviləsini onun üçün heç bir təzminat ödəmədən pozmaq hüququ da var.


