PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappenin Paris klubundan ayrılması Fransa futboluna ciddi maliyyə zərəri vura bilər.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Fransa Peşəkar Liqasının (LFP) prezidenti Vensan Labryunun simasında qurumun rəhbərliyi Kilian Mbappenin PSJ-dən ayrılacağından narahatdır. Çünki bu hadisə Liqa 1-in yeni televiziya müqaviləsinə son dərəcə mənfi təsir göstərə bilər.
Hazırda LFP növbəti beş mövsüm ərzində Liqa 1-in oyunlarını yayımlamaq hüququ üçün müxtəlif televiziya operatorları ilə danışıqlar aparır. Eyni zamanda, televiziya operatorları tərəfindən oyunların yayım hüquqlarının 1 milyard avro məbləğə alınması haqda ilk təklif artıq rədd edilib.
Öz növbəsində, Liqa 1-in əsas ulduzu olan Mbappe turniri tərk edərsə, yaxşı televiziya müqaviləsi ilə razılaşmaq daha da çətinləşəcək. Bu da Fransa çempionatında iqtisadi böhrana səbəb ola bilər. Hücumçu Lionel Messi, müdafiəçi Serxio Ramos və hücumçu Neymarın Liqa 1-dən getməsinin artıq Fransa çempionatının simasına mənfi təsir göstərdiyi vurğulanır. Dəymiş zərər isə milyonlarla avro məbləğində qiymətləndirilir. Bu, zəncirvari reaksiya kimi, yerli futbolun bütün sahələrində maliyyə tənəzzülü ilə müşahidə edilir.
Xatırladaq ki, Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 25 qol vurub, 3 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Kilianın “Real”a mümkün keçidi ilə bağlı söz-söhbət son iki mövsüm ərzində özünün ən yüksək zirvəsinə çatıb. Şayiələr mənzərəsində gerçək təsvir təsəvvürdən uzaq bir hal alıb ki, bu da ulduz futbolçuya mənfi təsir göstərir.


