Mbappenin transferi məsələsində “Real”da ikitirəlilik düşüb

PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappenin transferi ilə bağlı məsələ “Real”ın düşərgəsini iki cəbhəyə ayırıb.

Arena.az bu barədə “Football Insider” dərgisinə istinadən məlumat verir.

Klubun idarə heyətinin bir hissəsi “Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenə üstünlük verərək, parislilərlə müqaviləsi bu mövsümün sonunda başa çatacaq PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin imzalanmasına qarşı çıxır.

“Kral klubu”nun “daha yetkin və təcrübəli” nümayəndələri hesab edirlər ki, “Real” Osimheni almalıdır. Onun oyun keyfiyyətləri daha çox, “Real”ın fransalı sabiq hücumçusu, “Qızıl top”u qazanmağı bacarmış Kərim Benzemanı xatırladır.

Xatırladaq ki, daha əvvəl mətbuatda Kilianın “Real”a keçməkdə son dərəcə maraqlı olduğu və Paris klubu ilə müqaviləsini yeniləməyəcəyi barədə yaxın vaxtlarda PSJ prezidentinə məlumat vermək niyyətində olduğu barədə məlumatlar yayılmışdı.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Onun Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 25 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun PSJ karyerası bütövlükdə 284 oyun, 237 qol və 101 assistdən ibarətdir.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: