Futbol üzrə Niderland milli komandasının yarımmüdafiəçisi Memfis Depay İspaniyanın “Barselona” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 28 yaşlı vinger bundan sonrakı karyerasını La Liqanın digər təmsilçisi “Atletiko”da davam etdirəcək.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2.5 illik müqaviləyə imza atıblar. “Atletiko” bu transferə görə “Barselona”ya 3 milyon avro təzminat ödəyib. Kataloniya təmsilçisi bonuslar halında daha 1 milyon avro gəlir əldə edə bilər.
Xatırladaq ki, Memfis Depay 2021-ci ilin iyul ayında azad agent kimi “Barselona”ya transfer olunmuşdu. O, bu komandanın heyətində bütövlükdə 42 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Depay daha öncə ölkəsində PSV-nin, Fransada Lion “Olimpik”inin, İngiltərədə “Mançester Yunayted”in də uğurları üçün çalışıb. O, Niderland milli komandasında 86 oyuna çıxıb və 43 qola imza atıb.


