Memfis Depay Braziliya klubunda – Rəsmi

Niderland yığmasının hücumçusu Memfis Depay bundan sonra Braziliyanın “Korintians” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən məlumat verir.

30 yaşlı forvard “Korintians”la müddəti 2026-cı ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Xatırladaq ki, Memfis Depayın sonuncu iş yeri “Atletiko” olub. O, 2023-cü ilin yanvar ayında İspaniyanın digər klubu “Barselona”dan 3 milyon avro qarşılığında Madrid təmsilçisinə keçmişdi. Futbolçunun paytaxt klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa kimi idi. Amma klub niderlandlı oyunçunu daha bir mövsüm heyətdə saxlamaq istəmədiyi üçün bu yay tərəflər arasındakı müqavilənin qalan bir ilinə qarşılıqlı razılıq əsasında xitam vermişdilər. Bu üzdən də Depay azad agent kimi özünə yeni klub tapmaq məcburiyyətində qalmışdı.

Memfis Depay “Atletiko”nun heyətində bütövlükdə 40 oyuna çıxıb. O, bu oyunlarda 13 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Depay daha öncə ölkəsində PSV-nin, Fransada Lion “Olimpik”inin, İngiltərədə “Mançester Yunayted”in, İspaniyada “Barselona”nın da uğurları üçün çalışıb. O, 2013-cü ilin oktyabr ayında debüt etdiyi Niderland milli komandasında 98 oyuna çıxıb, 46 qola imza atıb, 32 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: