“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi alman futbolunun əfsanəsi Frans Bekkenbauerin vəfatına münasibətini bildirib.
Arena.az məlumat verir ki, “Leo” özünün sosial şəbəkə hesabı üzərindən Frans Bekkenbauerin şəklini paylaşıb və şəkli QEPD (ispanca “que en paz descanse” ifadəsinin ixtisarı, mənaca: ruhun şad olsun, nur içində yatasan və s.) kəlməsi ilə imzalayıb.
Xatırladaq ki, Frans Bekkenbauer dünən, yanvarın 8-də 78 yaşında dünyasını dəyişib.
Frans Bekkenbauer qeyd-şərtsiz Almaniya futbolunun əfsanəsi hesab edilir.
Bekkenbauer futbolçu karyerası ərzində “Bayern”, “Hamburq” və ABŞ-ın “Nyu York Kosmos” klubunda çıxış edib. Ümumilikdə, Bekkenbauer klub səviyyəsində bütün turnirlərdə 620 oyun keçirib, 74 qol vurub və 75 məhsuldar ötürmə verib.
Əfsanəvi müdafiəçi-libero Almaniya yığmasının heyətində 103 oyuna 14 qol, 10 məhsuldar ötürmə ilə fərlənib.
Bekkenabauer Almaniya Bundesliqasının beşqat, Avropa Çempionlar Kubokunun üçqat, “Qızıl top”un ikiqat, 1972-ci il Avropa Çempionatının, 1974-cü il FIFA Dünya Kubokunun qalibidir. Baş məşqçi kimi Bekkenbauer UEFA Kubokunu, Fransa çempionatını, Almaniya Bundesliqasını qazanıb. O, 1990-cı ildə Almaniya yığmasına dünya çempionu adını qazandırıb.



