Messi Neymarın “İnter Mayami”yə keçidi ehtimalından danışdı

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi “Əl-Hilal”ın braziliyalı ulduzu Neymarın amerikan klubuna keçid ehtimalından danışıb.

Arena.az xatırladır ki, hər iki ulduz hücumçu əvvəllər “Barselona”da birlikdə çıxış ediblər.

“Həqiqət budur ki, indi çətindir, o, Səudiyyə Ərəbistanındadır, müqaviləsinin bitməsinə bir il qalıb. O, çətin mövsüm keçirdi və uzun müddətə zədələndi ki, bu da onun Amerika Kubokunda iştirakına mane oldu. Səudiyyə Ərəbistanındakı oyunların çoxunda oynaya bilməyib. Ona görə də indi çətindir. Gələcəkdə – bilmirəm. Həqiqət budur ki, həyat o qədər fırlanır ki, hər şey ola bilər, amma bu gün bunun mümkün olduğunu düşünmürəm.

Mən onu çağırmışammı? Xeyr, amma biz mütəmadi danışırıq, hətta ikimiz və Luisin (Suares) də olduğu bir qrupumuz var”, – “Infobae” dərgisi “Leo”dan sitat gətirir.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: