Argentinalı ulduz hücumçu Lionel Messinin “İnter Mayami”si MLS-in növbəti turu çəriçivəsində “Kolorado Repidz”i qəbul edib.
Arena.az məlumat verir ki, Fort-Loderdeyldəki “Di-Er-Vi Pi-En-Ka Stedium”da keçirilmiş oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Vurğulayıq ki, Messi üçün bu oyun zədədən sonra ilk sınağı olub. İkinci hissədə meydana “Barselona”nın iki keçmiş futbolçusu Jordi Alba və Serxio Buskets də daxil olublar. Uruqvaylı hücumçu Luis Suares oyunun sonuna qədər ehtiyat oyunçular skamyasında qalıb.
Oyunun 45-ci dəqiqədə qonaqların braziliyalı hücumçusu Rafael Navarro 11 metrlik cərimə zərbəsindən fərqlənib. İkinci hissədə əvəzetmədən meydana daxil olmuş Lionel Messi Franko Neqrinin ötürməsi ilə oyunda hesabı bərabərləşdirib. 60-cı dəqiqədə David Ruisin ötürməsindən fərqlənmiş Leonardo Afonso meydan sahiblərini hesabda irəli çıxarıb. 88-ci dəqiqədə isə Koul Bassett Kelvin Harrisin ötürməsini tamalayaraq qonaqların hesabda bərabərliyini təmin edib – 2:2. Oyun elə, bu hesabla da başa çatıb.
8 oyundan sonra “İnter Mayami” MLS-in vahid yarış cədvəlində 12 xalla 4-cü pillədə qərarlaşıb.
Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 20 oyun, 17 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


