ABŞ MLS müntəzəm çempionatının 4-cü turu çərçivəsində “İnter Mayami” evdə mövsümdə ilk məğlubiyyətinin acısını yaşayıb.
Arena.az məlumat verir ki, bu, “Monreal” ilə oyuna təsadüf edib.
“Vağlar” doğma meydanda 2:3 hesabı ilə məğlub olublar.
Vurğulayaq ki, oyunda Mayami təmsilçisinin argentinalı ulduzu, hücumçu Lionel Messi iştirak etməyib.
4 oyundan sonra “İnter Mayami” 7 xalla Şərq Konfransının yarış cədvəlində liderliyini qoruyur. “Monreal” isə 3 oyundan 7 xal toplayıb və 2-ci yerdə qərarlaşıb. MLS-in ümimi yarış cədvəlində də Mayami klubu 4 oyundan 7 xalla 1-cidir.
Oyundan sonra Messinin hansı səbəbdən bu oyunda iştirak etmədiyi məlum olub. “İnter Mayami”nin baş məşqçisi, argentinalı mütəxəssis Xerardo Martino bu barədə məlumat verib:
“Təxminən bir həftə əvvəl onun bu oyunu buraxacağı ilə bağlı razılığa gəldik. Neşvildə baş verənlərdən asılı olmayaraq, biz razılaşdıq ki, o, istirahət etsin”.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


