Meyson Maunt “Çelsi” ilə vidalaşdı

“Çelsi”nin və İngiltərə yığmasının yarımmüdafiəçisi Meyson Maunt azarkeşlərə klubdan gedişi ilə bağlı videomüraciət ünvanlayıb.

Arena.az Mauntun özünün sosial şəbəkə hesabından ünvanladığı videomüraciətin mətnini diqqətinizə çatdırır:

“Çelsi” azarkeşlərinə salam olsun. Son altı ayda gedişimlə bağlı bütün şayiələri nəzərə alsaq, çox güman ki, bu, sizin üçün təəccüblü olmayacaq. Amma bütün bunlara rəğmən, “Çelsi”dən ayrıldığımı sizə bildirmək mənim üçün asan deyil.

Sizin yazılı bəyanatdan daha çoxuna layiq olduğunuzu hesab edirəm. Bu səbəbdən də bu 18 il ərzində mənə göstərdiyiniz dəstəyə görə sizlərə nə qədər minnətdar olduğumu birbaşa bildirmək qərarına gəldim.

Bəzilərinizin mənim qərarımdan məmnun olmayacağınızı bilirəm, amma hiss edirəm ki, bu, karyeramın bu mərhələsində mənim üçün ən düzgün addımdır.

Mən “Çelsi”yə altı yaşım olanda qoşulmuşam və biz birlikdə çox şeylərdən keçdik. Gənclər kubokunda qələbə, mövsümün ən yaxşı oyunçusu mükafatını qazanmaq, superkubokda qələbə, klublararası dünya çempionatında qələbə və təbii ki, Çempionlar Liqasını qazandığımız o unudulmaz gecə. Mənə daima dəstək olan, mənim üçün əsl ailə olmağı bacaran bütün məşqçilərə, heyətə və komanda yoldaşlarıma da təşəkkür etmək istəyirəm. Və təbii ki, həmişə yanımda olan azarkeşlərə”.

Xatırladaq ki, daha əvvəl Meyson Mauntun “Mançester Yunayted”ə keçməyə çox yaxın olması haqda məlumat yayılmışdı. “Qırmızı şeytanlar”ın bu transferi tezliklə açıqlaması gözlənilir.

Meyson Maunt “Çelsi”də indiyə qədər 195 oyun keçirib, 33 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı futbolçunun klubla müqaviləsinin müddətinin bitməsinə 1 il qalıb. O, İngiltərə yığmasında 36 oyuna 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: