“Milan” Brahim Diası yenidən icarəyə götürdü

İtaliyanın “Milan” klubu ötən mövsüm Madrid “Real”ından icarəyə götürdüyü Brahim Diası yenidən heyətinə qatıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Milanlılar 21 yaşlı futbolçunu yenidən icarəyə götürüblər. Lakin İtaliya klubu bu dəfə yarımmüdafiəçini iki illik heyətinə cəlb edib. İspaniyalı futbolçu 2023-cü ilin 30 iyununa qədər bu klubun uğurları üçün çalışacaq. “Milan” köhnə-yeni futbolçusunun bundan sonra “10” nömrəli formanı geyinəcəyini bəyan edib.

Qeyd edək ki, Brahim Dias ötən mövsüm “Milan”ın heyətində 39 oyuna çıxıb, 7 qol vurub. İspaniyanın əsas millisində bir oyun keçirib, bir qola imza atmış futbolçu, 2019-cu ildən “Real”da çıxış edir. O, Madrid təmsilçisində 21 oyuna 2 qolla yadda qalıb. İspaniya nəhəngi gənc ulduzu İngiltərənin “Mançester Siti” klubundan transfer edib.